Laparoskopik cərrah, bariatrik və metabolik cərrahiyyə üzrə mütəxəssis olan Dr. Aslan Abdullayev 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 1994-1995-ci illərdə Respublika Klinik Xəstəxanasında internatura keçmişdir. 1998-ci ildə Saratov Dövlət Tibb Universiteti, Həkimləri Təkmilləşdirmə İnstitutunda ümumi cərrahlıq üzrə birinci kvalifikasiya dərəcəsi, 2003-cü ildə isə Penza Həkimləri Təkmilləşdirmə İnstitutunda ali kvalifikasiya dərəcəsi almışdır. Daha sonralar Münhen, Kazan və Ankara şəhərlərində təhsilini davam etdirən Dr. Aslan Abdullayev 2014-2015-ci illərdə İnönü Universitetində Laparoskopik, Bariatrik və Metabolik Cərrahiyyə ixtisasına yiyələnmişdir.

 

O, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir, ölkə və xarici mətbuatda çıxan 76 elmi məqalənin müəllifidir, 2016-cı ildən Beynəlxalq Piylənmə və Metabolik Cərrahiyyə Federasiyasının həqiqi üzvüdür, ölkəmizdə bariatrik-metabolik cərrahiyyənin inkişafında xüsusi rolu və xidməti vardır. Hazırda icra etdiyi çoxsaylı laparoskopik əməliyyatlar sırasında piylənmə, tip2 diabet, qaraciyər piylənməsi və reflüks xəstəliklərinin müalicəsi əsas prioritet istiqamət olaraq qəbul edilmişdir. Həmçinin çoxsaylı rekonstruktiv mədə-bağırsaq əməliyyatlarının icrası üzrə ağır xəstələrin müalicəsini təmin edə bilən mütəxəssis kimi ölkəmizdə tanınır.

 

Dr. Aslan Abdullayev hal-hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında, German hospitalda və Zəfəran hospitalda praktik cərrahi fəaliyyətini davam etdirir, piylənmə və metabolik cərrahiyyə, reflüks cərrahiyyəsi üzrə hər il beynəlxalq və yerli konfranslarda çıxışlar edir, ölkəmizi bu sahədə beynəlxalq aləmdə layiqincə təmsil edir, ingilis və rus dillərini də bilir.